İstehsalat Təqvimi

         Azərbaycan Respublikası Əmək və

                                                                         Əhalinin Sosial Müdafiəsi Nazirliyi

                                                                         Kollegiyasının 2020-ci il  18 dekabr  

                                                                         tarixli 20050000182  nömrəli qərarı ilə

                                                                         təsdiq  edilmişdir.

                                                                                                                                                      

 

                 

№ 20050000182 

18 dekabr 2020-ci il

  

2021-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin

təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi                    

Kollegiyasının qərarı

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 96-cı maddələrinə əsasən tam iş vaxtı normasının müəyyən edilməsi və iş vaxtının cəmlənmiş uçotunun və digər iş rejimlərinin tətbiqində istifadə məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü və 5-ci  hissələrinin, eləcə də iş və istirahət vaxtı ilə bağlı digər maddələrinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli   483 nömrəli qərarını nəzərə alaraq “2021-ci il üçün iş vaxtının norması” və “2021-ci ilin istehsalat təqvimi” təsdiq edilsin (əlavə olunur).

 

  1. İctimaiyyətlə əlaqələr şöbəsinə (F.Talıbova) tapşırılsın ki, qərar qəbul edildiyi gündən “2021-ci il üçün iş vaxtının norması”nın və “2021-ci ilin istehsalat təqvimi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

  1. Qərarın icrasına nəzarət nazir müavini A.Kərimova həvalə edilsin.

      

 

          Kollegiyanın sədri                                                                          Sahil  Babayev

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:       

 

1, 2 yanvar

Yeni il bayramı;

20 yanvar

Ümumxalq hüzn günü;

8  mart

Qadınlar günü;

20, 21, 22, 23, 24   mart

Novruz bayramı;

9 may

Faşizm üzərində qələbə günü;

13,14 may

Ramazan bayramı;

28 may

Respublika günü;

15 iyun

Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun

Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

20,21 iyul

8 noyabr

Qurban bayramı;

                                             Zəfər Günü;                                                 

9  noyabr

Azərbaycan Respublikasının Dövlət bayrağı günü

31 dekabr

Dünya azərbaycanlılarının həmrəyliyi günü.

 

            Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli qərarına əsasən 2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində  25 mart, 10 may tarixləri istirahət günləridir.

            2021-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

            Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə  əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

            2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır (241+109+19-5+1= 365). 

           Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

           2021-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

           Qanunvericiliyə uyğun olaraq 2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saat təşkil edir (233x8 + 8x7 = 1920 saat).

           İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhəri gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2021-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

           Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

 

 

            Nazir                                                                                         Sahil Babayev